Mədəni əlaqələrin yeni vüsəti

 

Bakıda Musiqi Muzeyləri və Kolleksiyaları Beynəlxalq Assosiasiyasının nümayəndələrinin işgüzar görüşü keçirildi. Rusiya, Almaniya, Latviya, Niderland və Qazaxıstandan gələn muzey iştirakçılarının qatıldığı tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bildirdi ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə maraqlı layihələr hazırlanaraq həyata keçirilir.

Bu yaxınlarda Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da xalqlar arasında qarşılıqlı səmərəli əməkdaşlığın yeni üfüqlərini müəyyənləşdirdi. UNESCO-da Azərbaycana böyük maraq olduğunu vurğulayan nazir dedi: "Bu, mədəniyyət, təhsil, turizm və digər sahələrdə hiss olunur. Bizbu əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıyıq. Beynəlxalq tədbirlərin təşkilində ortaya uğurlu nümunələr qoya bilmişik".

UNESCO-nun Sülh Mədəniyyət İnstitutunun direktoru Engel Tahirov Bakıda olmaqdan məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanla UNESCO-nuninstitutun xətti ilə qurulan münasibətlər çox məhsuldar və əhəmiyyətlidir. "Biz Azərbaycanda gedən inkişafa həm qibtə edir, həm də sevinirik" söyləyən qonaq Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə "Avropa-Asiya" Beynəlxalq Humanitar Akademiyasının xüsusi diplomuna layiq görüldüyünü nəzərə çarpdırdı. Nazirə fəxri akademik lenti də təqdim olundu.

 

Azərbaycan.-2013.- 20 iyun.- S.8.